Müalicəvi xassəsinə görə dünyada yeganə olan Naftalan nefti fiziki-kimyəvi xassəsinə görə başqa neftlərdən fərqlənir. Bu neft üçün əsas xarakterik cəhət tərkibində yüngül fraksiyanın və bərk parafin karbohidrogenlərin olmamasıdır. Başlanğıo qaynama temperaturu yüksək olduğundan (190-220 C), bu neftdə benzin fraksiyası da olmur.
Tərkibində kifayət miqdarda qətran (14% ) olması və su ilə möhkəm emulsiya əmələ gətirməsi Naftalan neftini başqa neftlərdən fərqləndirir.
Hələ 1946-cı ildə akademik Y.Məmmədəliyev Naftalan neftinin öyrənilməsi sahəsində apardığı nəticələri ümumiləşdirərək qeyd etmişdir ki, müxtəlif laylardan və horizontlardan çıxarılan neftlər bir-birindən kəskin fərqlənir; hətta eyni quyudan müxtəlif vaxtlarda çıxarılan neftlərin biri digərindən qismən də olsa fərqlənir.
Hələ qədimdən indiyə kimi saysız-hesabsız xəstə bu neftin şəfaverici keyfiyyətindən bəhrələnmişdir. 70-dən çox xəstəliyə dərman olan bu neft vannalara doldurulur. Xəstələr neft vannası qəbul edərək müalicə olunurlar. Elə buna görə respublikamızın şəhər və rayonlarından hər il çoxlu sayda xəstə bura pənah gətirir. Sümük-oynaq, sinir-əzələ, dəri, ginekoloji, uroloji xəstəliklərə tutulanlar Naftalan müalicəsini qəbul edirlər. Bu xəstəliklərin siyahını uzatmaq da olar. Bütün bu müalicəvi xüsusiyyətlərinə baxmayaraq, Naftalan neftindən düzgün istifadə etmədikdə zərər görmək olar. Çünki bəzi ciddi xəstəliyi olanlar üçün bu vannaların qəbulu əks göstəricidir. Odur ki, tam, dəqiq həkim müayinəsindən keçmədən, Naftalan vannası qəbul etmək məsləhət görülmür.
Naftalan nefti–qəhvəyi qonur rəngli, xüsusi aromatik qoxuya malik, yüksək özlülüyə və xüsusi çəkiyə malik mayedir. Naftalan neftinin xüsusi çəkisi 0,92 - 0,96, qaynama temperaturu 220 0C, donma temperaturu (-20 0C) dir, su ilə qarışdırıldıqda davamlı emulsiya əmələ gətirir. Naftalan mürəkkəb fiziki –kimyəvi tərkibə malik olub, qətranlı, az kükürdlü, parafinsiz neft məhsuludur və tərkibində sənaye neftlərindən fərqli olaraq benzin, kerosin, liqroin kimi yüngül fraksiyalar yoxdur.
Naftalanın tərkibi:
1. Naften karbohidrogrnləri - 50-55%
2. Aromatik karbohidrogenlər - 10-15%
3. Qətranlı maddələr - 14-15%
4. Naften turşuları - 0,5-3%
5. Kükürdlü birləşmələr - 0,3- 0,7%
6. Azotlu birləşmələr - 0,3%
7. Mikroelementlər (Y, Br , Cu , Mn , Zn , Li, B və s.) dən ibarətdir .
Naftalan nefti Naftalanın əsas müalicəvi komponentləri onun tərkibinin əsasını təşkil edən, yüksək molekullu, çoxhalqalı quruluşa malik (tsiklopentan-perhidrofenantren) naften karbohidrogenləridir. Bundan başqa naftalanın tərkibində olan kükürdlü, azotlu birləşmələr və mikroelementlər də naftalanın müalcəvi təsirində əhəmiyyətli rol oynayır . Naftalan müalicə amili güclü iltihabəleyhi, ağrıkəsici, damargenəldici, allergiyaəleyhi, hormonabənzər, maddələr mübadiləsini tənzimləyici təsirə malikdir, ovogenez və ovulyasiya proseslərini və spermatogenezi sürətləndirir. Naftalan neftinin bu xüsusiyyətləri mərkəzdə 70 – dən artıq xəstəliyi müalicə etməyə imkan yaradır.
Yodbromlu su:
Naftalan nefti yerdən çıxarkən 90% su və 10% naftalan neftindən ibarət olur. Naftalan nefti ilə müalicə edərkən isə su 10% naftalan 90% olur. Naftalanla birlikdə yerdən çıxan su çox zəngin tərkiblidir, tərkibində yod və bromdan başqa həm də naftalanın tərkibində olan çoxsaylı mikroelementlər olduğundan bir çox xəstəliklərin müalicəsində uğurla tətbiq olunur